Şəhid Elməddin Pənahov

Elməddin Pənahov 1983-cü il sentyabrın 7-də Qazax rayonunun Ürkməzli kəndində anadan olub. 1990-1999-cu illərdə S. Nəsirov adına Ürkməzli kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. 2 oğlu yadigar qaldı.

Elməddin Pənahov 2001-2003-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun çavuşu olan Elməddin Pənahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elməddin Pənahov oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Ürkməzli kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Pənahov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Pənahov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Pənahov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.