Abdullayev Elnur Təvəkkül oğlu 1983-cü il iyul ayının 10-da Sumqayıt şəhərində dünyaya gəlib. 2011-ci ildə tank-mexanik sürücülük kursunu bitirdikdən sonra hərbi qulluqçu kimi ordu sıralarında xidməti vəzifəsini yerinə yetirməyə başlayıb.
Azərbaycan Ordusunun hərbi qulluqçusu Elnur Abdullayev Vətən Müharibəsi başladığı gündən Füzuli və Xocavənd rayonları istiqamətlərində döyüşüb. Döyüşlər zamanı düşmənin 9 tankını qənimət olaraq ələ keçirib. Döyüşlərin birində idarə etdiyi tankın vurulmasından son anda xilas olsa da, oktyabr ayının 27-də şəhidlik zirvəsinə ucalıb və Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Elnur Abdullayev “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, və “Vətən uğrunda” medalları ilə təltif edilib.