Mehman Yusifov 1979-cu il iyulun 18-də Tovuz rayonunun Bayramlı kəndində Musa və Gülsüm Yusifovların ailəsində anadan olub.
1985-1996-cı illərdə Tovuz rayonunda E. Orucov adına Bayramlı kənd tam orta məktəbində təhsil alıb. Günel Yusifova ilə ailəli idi. Məhəmməd və Süleyman adında oğulları, Fatimə adında isə qızı yadigar qaldı.Mehman Yusifov 1998-2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2002-ci ildən isə artıq Xüsusi Təyinatlı Qüvvələrdə gizir idi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb.Azərbaycan Ordusunun baş giziri olan Mehman Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mehman Yusifov oktyabrın 5-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Bayramlı kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehman Yusifov ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehman Yusifov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehman Yusifov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.